Saytın mövzusu haqqında

Müəyyən bir mövzu barədə məlumatı az olan insanın və ya həmin mövzu ətrafında çox  düşünməyən insanın həmin mövzu barədə yanlış təsəvvürü ola bilər. Yaxud da o, başqaları tərəfindən səhv yönləndirilə bilər. Məsələn, bir televizorun iş prinsipi, mexanizminin hansı hissələrdən təşkil olunması haqqında dərin biliyə malik olmayan və ya bu sahə ilə maraqlanmayan bir insan üçün televizor sadəcə olaraq filmlərə baxdığı, xəbərləri izlədiyi bir vasitədir. O, televizora təsvirin və səsin çatdırılması, təsvirin ekranda yaranması, peyk əlaqələrinin təmin edilməsi, başqa ölkədən gələn təsvirin əvvəlcə kosmosa qalxması, sonra evindəki televizor cihazının içərisinə heç bir əngəl olmadan, səsi və rəngi ilə birlikdə necə çatdırıldığını, içindəki mexanizmlərin, istehsalında istifadə edilən materialların funksiyasını, pult idarəetməsinin hansı məntiqlə işlədiyini bilməsə və bunlar haqqında fikirləşməsə, bu cihazdakı texnoloji xariqələri də qiymətləndirib dərk edə bilməz. Televizoru sadəcə olaraq istədiyi proqramları seyr edə bildiyi elektrik cihazı kimi görəcək.

Zülallarla əlaqədar kitabın giriş hissəsində: “Televizorla bağlı gətirilən misal nə üçündür?” - deyə düşünənlər ola bilər. Burada məqsəd insanların bəzi mövzularda məlumat və ya fikir kasadlığının mühüm məsələlərdə yanlışlığa və ya səthi yanaşmaya gətirib çıxaracağını, insanların bəzi mövzular barədə düşünmədikləri zaman ən vacib məsələlərdən xəbərsiz qalacaqlarını vurğulamaqdır. Bəlkə televizorun necə işlədiyi barədə məlumatdan xəbərsiz olmaqla və ya bu məsələ üzərində düşünməmiş olmaqla insan çox şey itirmiş olmur. Lakin yer üzərində həyatın necə başladığı və necə davam etməsi barədə düşünməmək, bu mövzuda irəli sürülən həqiqətə zidd iddialara gözübağlı inanmaq, bir insanın ən böyük itki və səhvlərindən biri ola bilər. Bu səbəbdən, insanlar həyatın necə başlamasına dair sual üzərində düşünməlidirlər.

Bu kitabda həyatın təməl daşı sayılan zülalların bəzi xüsusiyyətləri izah edilməklə insanlara həyatın necə başladığına dair sualın yalnız bir həqiqi cavabı veriləcəkdir. Bu cavab belədir: həyat üstün və güclü bir Yaradıcı olan Allahın yaradışı ilə başlamışdır.
Bu açıq-aydın həqiqətdən xəbərsiz olanlara Quranda bu şəkildə müraciət edilir:

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı? (Məryəm surəsi, 67)