ŞÜURSUZ ATOMLARDAN İBARƏT OLAN ŞÜURLU ZÜLALLAR

Arxa səhifədə gördüyünüz şəkil sitoxrom-c adlı zülalın atom quruluşunu göstərir. Millimetrin milyonda beşinə bərabər ölçüdə olan bu zülal təqribən 1000 atomun birləşməsindən meydana gəlmişdir. Şəkildən göründüyü kimi, bu atomların aralarındakı təşkilatçılıq və bir-birləri ilə birləşmə formaları olduqca mürəkkəbdir.

İndi isə bu şəklə baxaraq düşünək. Təkamülçülər bu 1000 atomun təsadüfən, bu şəkildə göründüyü kimi bir-biriləri ilə birləşdiyini iddia edir və bu təsadüfi birləşmələrin nəticəsində təsadüfən canlının həyatı üçün çox mühüm funksiyalara malik olan sitoxrom-c zülalının meydana gəldiyini deyirlər.  Bundan əlavə, həmin 1000 atomun içində dəmir, karbon, azot kimi bir sıra növ atom mövcuddur. Yəni sitoxrom-c zülalını formalaşdırmaq üçün lazım olan müxtəlif atomlar müəyyən sayda, müəyyən vaxtda, müəyyən bir yerdə mövcud olmalı və sonra lazımi yerlərdən bir-biriləri ilə ayrı-ayrılıqda, şəkildə göründüyü kimi ən uyğun kimyəvi rabitələrlə birləşməlidir. Beləliklə, təkamülçülərin çox məntiqsiz və ağıla sığmaz iddialarına görə, bunların hamısı təsadüfən baş verməlidir, amma canlı aləm üçün çox mühüm olan zülal buna baxmayaraq, artıq formalaşmış olmalıdır.

  

Bundan başqa, təkamülçülər sadəcə sitoxrom-c zülalının yaranması üçün deyil, canlı aləm üçün zəruri olan minlərlə zülalın yaranması üçün eyni təsadüf nağılını təlqin edirlər. Karbon, azot, dəmir və fosfor kimi şüursuz, cansız heç bir şeydən xəbəri olmayan atomların fərqli nisbətlərdə və fərqli biçimdə birləşərək canlı aləm üçün zəruri olan bütün zülalları meydana gətirdiklərini iddia etmək ağıl və məntiqə tamamilə ziddir.
Millimetrin milyonda beşinə bərabər ölçüdə sahəni əhatə edən bu kiçik strukturların canlı orqanizmin bədənində üzərinə götürdükləri vəzifələrin yerinə yetirilməsi zamanı isə şüursuz atomların bu qədər vacib quruluşları təsadüfən inşa etdiklərini iddia etməyin daha da böyük bir məntiqsizlik və ağılsızlıq olduğu başa düşülür. 

Məsələn, bəzi zülallar saçları, dırnaqları və heyvan tüklərini təşkil edən teflona bənzər maddədən təşkil olunmuşdur. Bəziləri əzələləri sümüklərə bağlayan vətərləri təşkil edir. Bundan başqa, hüceyrəyə gələn məlumatı gətirən də, məlumatları alan və qiymətləndirən də zülallardır. Hüceyrə daxilinə giriş və çıxışlara nəzarət edən qapılar və nasos sistemləri də zülallardır. Kimyəvi reaksiyaları sürətləndirən yenə də zülallardır. Hemoqlobin adlı zülal qandakı oksigeni toxumalara daşıyır. Transferin adlı zülal isə qandakı dəmiri daşıyır. İmmunoqlobulinlər bakteriya və viruslara qarşı orqanizmi qoruyan zülallardır. Fibrinogen və trombin isə qanın laxtalanmasını təmin edir. İnsulin orqanizmdəki şəkər mübadiləsini tənzimləyən zülal növüdür.

Bəzi canlılarda insan orqanizmində olmayan, lakin həmin canlının həyatı üçün olduqca əhəmiyyətli olan başqa zülallar da var. Məsələn, bəzi balıqların qanında mövcud olan antifriz zülalı həmin balıqların qanını donmaqdan qoruyur. Böcəklərin qanadlarının hərəkətini təmin edən rezilin zülalı demək olar unikal elastik xassəyə malikdir. Sadəcə 20 amin turşusunun, başqa sözlə, bir neçə yüz atomun birləşməsindən meydana gələn bu molekulların bu qədər müxtəlif xüsusiyyətlərə malik olması misli görünməmiş bir hadisədir. Atomların birləşərək bu qədər çox əhəmiyyətli işləri görən, ağıl nümayiş etdirən, təşkilatçılıq qabiliyyətinə malik olan, ən lazımlı yerdə, ən zəruri qərarı verib və həmin qərarı icra edə bilən quruluşlarının təsadüfən formalaşmış olması tamamilə imkansızdır. Düşünməli bir məsələ də təxminən oxşar atomlardan əmələ gələn zülalların funksiya və fəaliyyətlərinin bu qədər müxtəlif olmasıdır. Zülallar əksər hallarda oxşar atomlardan təşkil olunurlar. Ancaq bu atomların sayının və sıralanma ardıcıllığının müxtəlif olması həmin zülal molekuluna fərqli funksiya və bacarıq verir. Belə həqiqətləri təsadüflərlə izah etmək qeyri-mümkündür. Əslində, təkamülçülər də bunu etiraf edirlər. Məsələn, Türkiyənin qabaqcıl təkamülçülərindən olan prof. Əli Dəmirsoy sitoxrom-c zülalının yaranması üçün belə deyir:

“Bir sitoxrom-c zülalının düzülüşünü təşkil etmək üçün ehtimal sıfır deyiləcək qədər azdır... Ya da əmələ gəlməsi bizim təsvir edə bilməyəcəyimiz fövqəltəbii güclər tərəfindən icra edilmişdir. Sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyildir. Belə olan halda, birinci fərziyyəyə baxılmalıdır”.

Dəmirsoy kitabının başqa bir fəslində isə sitoxrom-c zülalının təsadüfən əmələ gəlmə ehtimalı üçün deyir: “Bir meymunun bəşər tarixini heç bir səhvə yol vermədən yazı maşınında yazması ehtimalı qədər azdır”.

Bir meymunun yazı maşınında səhvsiz bəşər tarixini yaza bilməyəcəyinə görə, sitoxrom-c zülalının da təsadüfi yaranması qəti olaraq mümkün deyil. Lakin Dəmirsoyun ilk sitatında qeyd edildiyi kimi, təkamülçülər üçün fövqəltəbii gücləri qəbul etmək elmi məqsədə uyğun deyildir. Yəni təkamülçü alimlərin “elmi məqsədi” (!) Allahın varlığını inkar etmək və materializmi müdafiə etmək olduğu üçün, sitoxrom-c zülalının təsadüfən əmələ gəlməsi fərziyyəsini qəbul etmək məcburiyyətində qaldıqlarını iddia edirlər. Bu, o qədər məntiqsiz bir iddiadır ki, əgər üzərində bir az düşünülərsə, təkamülçülərin nə qədər böyük  yanlışlığın içində olmalarını görmək üçün kifayət edər. Məsələn, bir nəfər sizə Taksim Meydanındakı bir daş yığımının şiddətli küləyin təsirindən möhtəşəm bir insan heykəlinə çevrildiyini desə... Və yaxud da bir qayalığa çırpılan iri dalğaların bu qayalıqda təsadüfən İordaniya-Petradakı daş işləmələrinin ən gözəl nümunələri olan daş məqbərələrini inşa etdiyini desə, həmin adamın ağlı və səmimiyyəti haqqında nə fikirləşərdiniz? Göründüyü kimi, təkamülçülər bütün bu qeyri-mümkün fərziyyələrdən daha da ağılasığmazını qəbul edəbiləcək qədər böyük məntiq və ağılın düşkünlüyü içərisindədirlər. Gözlərini açıq-aydın həqiqətlərə bağlamaları, onların böyük  hissəsinin anlama və qavrama qabiliyyətlərini əngəlləmişdir. Zülal molekullarının canlı aləm üçün üstün  ağıl, bilik və gücə sahib olan Allah tərəfindən planlaşdırılmış və yaradılmış olması çox açıq həqiqətdir. Təsadüflər heç bir zaman mürəkkəb  dizayn meydana gətirə bilməz. Zülallar kimi üstün bir tərtibatlı molekulların təsadüfən meydana gəlməsini demək daş yığınlarının küləyin əsməsi ilə bir heykələ və ya dalğaların çırpılması ilə memarlıq baxımından bir möcüzəyə çevrildiyini iddia etməkdən daha da məntiqsiz və ağıla ziddir.