Uğursuzluğa düçar olan başqa bir təcrübə: Foks təcrübəsi

Bəzi təkamülçü tədqiqatçılar bütün uğursuzluğuna və əsassızlığına baxmayaraq, hələ də Miller təcrübəsindən amin turşularının cansız maddələrdən təsadüfən əmələ gəldiklərini dəlil olaraq istifadə etməyə çalışırlar. Halbuki, bu nəticə həqiqətdə həyata keçsəydi belə, təkamülçülərin problemləri həll olunmamış qalardı, belə ki, onları bundan daha da mümkünsüz mərhələlər gözləyəcəkdi: amin turşuları birləşərək daha da mürəkkəb quruluşlu zülalları meydana gətirməli idilər.

Zülalların təbii şəraitdə təsadüfən əmələ gəldiklərini irəli sürmək amin turşularının təsadüfən meydana gəldiklərini irəli sürməkdən daha çox həqiqətə zidd iddiadır. Amin turşularının zülalları təşkil etmək üçün müvafiq sıralama ilə təsadüfən birləşmələrinin riyazi baxımdan imkansız olması əvvəlki səhifələrdə ehtimal hesabları ilə analiz edilmişdi. Lakin, zülalın yaranması kimyəvi baxımdan da ibtidai dünya mühitində mümkün deyildi.

Zülalların suda sintez edilməsi problemi
Əvvəlki mövzularda da qeyd etdiyimiz kimi, amin turşuları zülalı təşkil etmək üçün kimyəvi baxımdan birləşərkən “peptid rabitəsi” adlı xüsusi rabitə qururlar. Belə rabitə qurularkən bir su molekulu əmələ gəlir.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə meydana gəldiyini irəli sürən təkamülçü iddianı əsassız edir. Belə ki, kimyada Le Şatelye prinsipi kimi tanınan qaydaya görə, əgər reaksiya nəticəsində su ayrılırsa (kondensasiya reaksiyası), belə reaksiya sulu mühitdə qurtara bilməz. Sulu mühitdə belə bir reaksiyanın həyata keçməsi kimyəvi reaksiyalar arasında həyata keçirilmə ehtimalı ən az olan reaksiya kimi müəyyən edilmişdir.

Bir sözlə, təkamülçülərin həyatın başladığı və amin turşularının əmələ gəldiyi yer kimi müəyyən etdikləri okeanlar amin turşularının birləşərək zülalları meydana gətirməsi üçün qəti olaraq uyğun olmayan mühitlərdir.

Digər tərəfdən, təkamül nəzəriyyəsini müdafiə edənlərin bu həqiqət qarşısında iddialarını dəyişdirib ilkin həyatın quruda əmələ gəldiyini irəli sürmələri də yolverilməzdir. Belə ki, ibtidai atmosferdə əmələ gəlməsi fərz edilən amin turşularını ultrabənövşəyi şüalardan qoruya bilən yeganə mühit okean və dənizlərdir. Amin turşuları quruda ultrabənövşəyi şüaların təsirindən parçalanır. La Şatelye Prinsipi isə dənizlərdə əmələ gəlmə iddiasını puç edir. Bu da təkamül nəzəriyyəsi baxımından dilemma yaradır.

Foks təcrübəsi
Yuxarıda izah etdiyimiz çıxılmaz vəziyyətlə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələtini alt-üst edən su problemini həll etmək məqsədi ilə müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən məşhuru Sidney Foks problem həll etmək üçün qəribə bir tezis irəli sürdü: həmin tezisə əsasən, ilk amin turşuları ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürüklənməli idi. Sonra da tərkibində amin turşularının olduğu su qayalıqdakı yüksək temperaturdan buxarlanmalı idi. Beləliklə, “quruyan” amin turşuları, zülalları meydana gətirmək üçün birləşə bilərdilər.

Lakin bu qarışıq çıxış yolu o qədər də mənimsənilmədi. Belə ki, amin turşuları Foksun irəli sürdüyü dərəcədə istiliyə davam gətirə bilməzdilər: aparılan araşdırmalar amin turşularının yüksək temperaturda dərhal parçalandıqlarını göstərdi.

Lakin Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində”, saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin turşuları birləşdirilmişdi, lakin zülal əldə edilə bilməmişdi. Əldə etdiyi bir-birinə təsadüfən bağlanan, sadə və nizamsız amin turşusu halqaları idi və hər hansı bir canlı zülala oxşarlığı yox idi. Bundan əlavə, Foks amin turşularını eyni temperaturda saxlasaydı, əmələ gələn yararsız halqalar yenə parçalanacaqdı.

Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller təcrübəsində əldə edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin turşularını istifadə etməsi idi. Halbuki, Millerin təcrübəsinin davamı olmağa iddia edilən bu təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi.

Foksun sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız amin turşusu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə, canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi, hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Chemical engineering news”da o dövrdə dərc edilən bir məqalədə Foksun apardığı təcrübə haqqında belə yazılmışdı:

Sidney Foks və digər tədqiqatçılar çox spesifik isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində amin turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil.

Həqiqətən də, Foksun əldə etdiyi proteinoidlər həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla xam metal yığını arasındakı qədər fərq vardı.

Habelə, bu nizamsız amin turşusu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrki şərtləri daxilində yer üzünə düşən sıx ultrabənövşəyi şüalarının və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Amin turşularının ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar nöqteyi-nəzərindən alimlər arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.